Səfir Seymur Mərdəliyev Odessa vilayətinə işgüzar səfər edib
Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev 20-21 iyun 2024-cü il tarixlərində Odessa vilayətinə işgüzar səfər edib. Səfər çərçivəsində səfir Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper, Odessa Vilayət Şurasının sədri Qriqoriy Didenko, Odessa şəhər merinin müavini Pavlo Vuqelman ilə rəsmi görüşlər keçirib, Odessa vilayətinin potensialı ilə tanış olub.
Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq və yüksək səviyyəli təmaslar, iqtisadi-ticarət əlaqələri, müharibə şəraitində əməkdaşlıq üçün çətinliklər, Azərbaycanın Ukrayna xalqına göstərdiyi və davam edən humanitar yardım proqramları, Azərbaycanda mina problemi və görülən işlər, o cümlədən regionumuzda mövcud vəziyyət, Odessa ilə sıx mədəni, humanitar və iqtisadi əlaqələr barədə danışılıb, iqtisadi-ticarət, mədəniyyət, təhsil, regionlararası münasibətlər sahələrində əməkdaşlıq imkanları haqqında fikir müzakirəsi aparılıb. Müqabil tərəflər Azərbaycanın dost münasibəti və humanitar yardımlarına görə minnətdarlıq ifadə edib, bütün sahələr üzrə əməkdaşlığın inkişafına hazırlıq bildiriblər.
Səfər zamanı səfir Seymur Mərdəliyev “Azərbaycan evi”ni ziyarət edib, Odessa vilayətində Azərbaycan diasporunun fəalları ilə görüş keçirib, diasporumuzun fəaliyyəti və inkişafı ətrafında fikir mübadiləsi aparıb.
Səfir həmçinin qardaş Türkiyənin Odessadakı Baş Konsulluğunu ziyarət edərək baş konsul Birey Yılmazsoyla görüşüb.