2024-07-01

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

Azərbaycan dövləti müharibə şəraitində olan Ukraynaya daha bir humanitar yardımı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının sığınacağının yenidən qurulmasına və təmirinə maliyyə yardımı ayırıb.

Bununla bağlı kitabxanada keçirilən tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ölkəmizin Ukraynaya göstərdiyi humanitar yardımlar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Ukraynaya infrastruktur, sosial və humanitar layihələrdə yardım göstərməyə davam etməyə hazırdır. Səfir, həmçinin qeyd edib ki, Ukraynada müharibədən əziyyət çəkən uşaqların reabilitasiyası üçün Azərbaycan dövləti bu istiqamətdə də öz töhfəsini verir. Bu gün uşaq kitabxanasının sığınacağının yenidən qurulması və təmirinə ayrılan yardım da Azərbaycan dövlətinin humanist siyasətinin tərkib hissəsidir.

Göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Ukrayna Milli Uşaq Kitabxanasının baş direktoru Alla Qordiyenko qeyd edib ki, bu çətin günlərdə Azərbaycan dost, qardaş ölkə kimi Ukraynanın yanındadır. Müharibənin ilk günlərindən Azərbaycan dövləti Ukraynaya yardımlarını göndərir.

“Kitabxananın sığınacağı üçün edilən yardım uşaqların təhlükəsizliyinə öz töhfəsini verəcək. Biz Azərbaycan dövlətinin bu humanist addımını yüksək qiymətləndiririk”, - deyə Alla Qordiyenko vurğulayıb.

Tədbir çərçivəsində, həmçinin kitabxananın fonduna Azərbaycana aid 169 kitab hədiyyə edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış