Xarkovda Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Fəxri Konsulluğunun təşəbbüsü ilə O.M. Beketov adına Xarkov Dövlət Şəhər Təsərrüfatı Milli Universitetində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin həyat yoluna həsr olunmuş fotosərgi ilə tanış olublar.
Ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının görkəmli övladı Heydər Əliyevin fikirlərinin müdrikliyini və miqyasını, Ukrayna ilə diplomatik əlaqələrin möhkəmləndirilməsində xidmətlərini, dünya siyasətinə təsirini vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır.
“Heydər Əliyev müasir müstəqil Azərbaycanın diplomatiyasının əsasını qoyub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyaların həyata keçirilməsi istiqamətində davamlı işlər aparılır. Azərbaycan dünyada öz layiqli yerini tutub. Artıq 4 ildir ki, biz Azərbaycanın böyük Zəfərindən danışırıq”, - deyə diplomat bildirib.
Tədbirdə Xarkov vilayətinin Fəxri Vətəndaşlar Şurasının sədri Nikolay Titov, Ukrayna Mühəndislik Akademiyasının prezidenti Anatoli Vasilyev, Azərbaycanın fəxri konsulu Əfqan Salmanov və Xarkov şəhərinin fəxri vətəndaşları çıxış edərək Heydər Əliyevin öz xalqı qarşısında xidmətlərindən və Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıblar.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev