2025-02-05

Ukrayna Milli Uşaq Kitabxanasının sığınacağı Azərbaycan dövlətinin dəstəyi ilə yenidən təmir edilib

Azərbaycan dövlətinin dəstəyi ilə Kiyevdə Ukrayna Milli Uşaq Kitabxanasının sığınacağı yenidən təmir edilib.

AZƏRTAC xəbər verir ki, sığınacağın açılış mərasimində Ukraynanın Mədəniyyət və Strateji Kommunikasiya, Xarici İşlər nazirliklərinin, Kiyev şəhər Meriyasının, Kiyev şəhər Hərbi Administrasiyasının nümayəndələri, Ali Radanın deputatları, bu ölkədə akkreditə olunmuş 20-dən artıq səfir, diplomatlar, mədəniyyət xadimləri və yerli media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, kitabxananın sığınacağı Azərbaycan hökumətinin dəstəyi ilə tam təmir edilib: “Bugünkü tədbir Azərbaycan dövlətinin Ukraynaya humanitar yardımının tərkib hissəsidir. Son üç ildə Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımın həcmi 40 milyon dolları ötüb. Bu müddətdə valideyn himayəsindən məhrum olmuş 200-dən çox ukraynalı uşaq Azərbaycanda tam tibbi və psixoloji reabilitasiya keçib. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam etməyə hazırdır. Yeni təmir edilmiş sığınacaq sadəcə təzə boya, yeni mərtəbələr və daha yaxşı şəraitlə yenilənmiş məkan deyil. Bu, uşaqların layiq olduqları təhlükəsizlik, rahatlıq və qayğını tapacaqları bir evdir. Onlar həqiqətən buna layiqdirlər. Bu gözəl məkan həm də Azərbaycan və Ukrayna mədəniyyətini birləşdirir”.

Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar nazirinin müavini Anastasiya Bondar göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu məkan da Azərbaycan və Ukrayna arasında bir dostluq simvoluna çevriləcək, mədəni mübadilə, insanlar arasında təmaslar imkanlarını genişləndirəcək, xalqlarımız arasında həmrəyliyi, anlaşmanı və dəstəyi gücləndirəcək.

Ukrayna Milli Uşaq Kitabxanasının direktoru Alla Qordienko isə bildirib ki, bu cür tədbirlər Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin inkişafına töhfə verir.

Qeyd edək ki, sığınacaqda Azərbaycan və Ukraynanın milli nağıllarının qəhrəmanlarının və milli atributumuz olan narın şəkilləri də əksini tapıb.

Tədbir bədii hissə ilə davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış