Ümumvətəndaş pasportu

Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

 

Səfirliyin konsulluq bölməsi vasitəsilə pasportların əldə edilməsi adətən 3-4 ay müddət tələb edir.

  • Etibarlılıq müddəti bitmiş (bitməyinə altı aydan az qalan) və ya səhifələri dolmuş pasportun əsli; 
  • Şəxsiyyət vəsiqəsinin əsli (şəxsiyyət vəsiqəsi olmadığı və ya etibarlılığı bitdiyi halda yenilənəcək pasportun etibarlılıq müddəti bitməmiş müraciət olunmalıdır); 
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Biletin əsli (əgər hərbi xitmətdə olmamışsa hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli); 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli; 
  • 25 ABŞ dolları konsulluq rüsumu.

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və hər iki valideyni/himayəçiləri.

 

Arxiv üzrə axtarış