2022-01-19

Ukraynanın nüfuzlu “QORDON” nəşrində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın müəllifi olduğu “1990-cı il yanvarın 20-də Bakıda əbəs yerə qan tökülmədi. Ölənlər ölkənin azadlıq və müstəqilliyi uğrunda canlarını qurban verdilər” sərlövhəli məqalədə faciə haqqında ətraflı təhlil aparılıb.

Müəllif qeyd edir ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında” fərman imzalayıb. Fərman yanvarın 20-si saat 00:00-dan qüvvəyə minib. Lakin yanvarın 20-si səhərə qədər fərmanın qüvvəyə minmə vaxtı gizli saxlanılıb. Bundan başqa, Moskvanın Bakıdakı nümayəndələri - Sov.İKP MK-nın katibi Andrey Girenko və SSRİ Ali Soveti İttifaqlar Şurasının sədri Yevgeni Primakov Azərbaycanın rəsmi nümayəndələrini və əhalini şəhərə qoşun yeritməyəcəklərinə inandırıblar.

Amma artıq yanvarın 19-dan 20-nə keçən gecə “Alfa” xüsusi təyinatlı dəstəsinin bir qrupu Azərbaycan televiziyasının enerji blokunu partladıb. Bunun ardınca SSRİ müdafiə naziri marşal Dmitri Yazovun rəhbərliyi ilə hərbi əməliyyat başlayıb. Sovet ordusunun genişmiqyaslı hərbi əməliyyatları Bakıda və respublikanın digər yaşayış məntəqələrində 150-yə yaxın insanın ölümünə, 400-dən çox insanın həbs edilməsinə, 744 nəfərin yaralanmasına, 4 nəfərin itkin düşməsinə səbəb olub.

Səfir məqaləsində vurğulayır ki, 20 Yanvar faciəsi SSRİ-nin dağılmasına səbəb olub. Bu hadisələrdən sonra Azərbaycanda və keçmiş Sovet İttifaqının digər respublikalarında bir çox insanlar SSRİ-nin məhvə məhkum olduğunu anlayıblar. Yeri gəlmişkən, bunu ilk başa düşənlərdən biri Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyev olub. Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qorbaçovun siyasətini pisləyən bəyanatla çıxış edib.

Məqalədə daha sonra qeyd edilir: “Yanvar hadisələrinin əsas günahkarlarını qiymətləndirməyə Azərbaycanda müxtəlif yanaşmalar var. Bəziləri hesab edir ki, hər şeydə Moskva, Qorbaçov və onun komandası günahkardır. Digərləri isə hesab edirlər ki, müxalifətlə dialoq qura bilməyən, öz bacarıqsız hərəkətləri ilə cəmiyyətdə qarşıdurma yaradan o dövrün yerli liderlərinin də günahı var. Digərləri isə müxalifəti, hər şeydən əvvəl silahsız insanları küçələrə çıxaran, tankların altına salan AXC-nin radikal qanadını günahlandırır. Amma hamı yekdil fikirdədir ki, bu hadisələr Moskvaya inamsızlıq və nifrəti dərinləşdirib və son nəticədə SSRİ-nin dağılmasına səbəb olub.

Bu gün Azərbaycan hesab edir ki, qan əbəs yerə tökülməyib, 20 Yanvarda həlak olanlar vətənin azadlıq və müstəqilliyi uğrunda canlarını qurban veriblər. Ona görə də onlar bizim azadlığımız uğrunda əsl qəhrəman və mübarizlərdir”.

Məqalə ilə aşağıdakı keçiddə tanış olmaq olar.

https://gordonua.com/blogs/elmira-ahundova/20-yanvarya-1990-goda-v-baku-krov-prolilas-ne-naprasno-pogibshie-prinesli-svoi-zhizni-na-altar-svobody-i-nezavisimosti-strany-1591117.html

Arxiv üzrə axtarış