2023-01-02

Ukrayna qəzetində Fikrət Əmirov haqqında məqalə dərc edilib

Ukraynanın “Den” qəzetinin saytında "Fikrət Əmirovun 100 illik yubileyi ilində Ukraynada muğam səsləndi" adlı məqalə dərc olunub. Məqalədə görkəmli Azərbaycan bəstəkarının həyat və yaradıcılığı haqqında, habelə Fikrət Əmirovun Dneprdə keçirilən xatirə konserti barədə məlumatlar yer alıb.

Məqalənin müəllifi - mədəniyyət sahəsində Ukrayna–türk layihələrinin kuratoru Marına Qonçarukdur. Məqalədə vurğulanır ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və onun Baş katibi Düsen Kaseinovun (2008-2022) təşəbbüsü və köməyi sayəsində Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş ilk konsert fevralın 12-də məhz Ukraynada, Dneprdə keçirilib. Yalnız bundan sonra Qazaxıstan, Türkiyə, Fransa və digər ölkələrdə konsertlər təşkil edilib.

Xatırladaq ki, Fikrət Əmirovun musiqisi fevralın 12-də dneprlilər üçün Azərbaycanın Əməkdar artisti, professor, dünyaşöhrətli dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycanın Əməkdar artisti, solist İlham Nəzərovun iştirakı ilə Dnepropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Leonid Koqan adına Dnepropetrovsk Filarmoniyasında səslənib.

"Fikrət Əmirov musiqisinin səsi min illər ərzində inkişaf edən, Qobustanın divarlarında iz qoyan, Atəşgahın alovunda dualar səsləndirən, tara, saza, muğam musiqisinə axan Azərbaycan mədəni kodunun səsidir... Bu musiqi Azərbaycan torpağının ən qədim guşələri olan Qarabağ xanlığının, Şirvanşahlar dövlətinin və ya möhtəşəm Təbrizin səsidir...", - deyə məqalənin müəllifi Marına Qonçaruk qeyd edib.

"Den" qəzeti 1996-cı ildə təsis edilib, nəşrin baş redaktoru Ukraynanın Əməkdar jurnalisti Larisa İvşinadır.

Arxiv üzrə axtarış