2023-06-11

Səfir Seymur Mərdəliyev İrpen şəhərinə səfər etmişdir

Azərbaycanın Ukraynaya təyin olunan yeni səfiri Seymur Mərdəliyev 10 iyun 2023-cü il tarixində İrpen şəhərinə səfər edib.

Seymur Mərdəliyev, İrpen şəhər meri Oleksandr Markuşin və səfirliyin diplomatları Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini yad ediblər.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmiz Ukraynaya, o cümlədən İrpen şəhərinə hər zaman dəstək göstərir və bu dəstək davam etdiriləcək. Səfir bildirib ki, İrpen ukraynalılarla yanaşı, azərbaycanlıların da doğma şəhəridir. Burada akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə, orta məktəb və park var. İrpen Azərbaycan və Ukrayna xalqlarının dostluq körpüsüdür.

Mer Oleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib. O, müharibə zamanı Azərbaycanın daimi diqqətini gördüklərini, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir etdiyini vurğulayıb, müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdim.

Sonra səfir Seymur Mərdəliyev İrpenin müharibə zamanı dağılmış və ziyan görmüş ərazilərinə baxıb.

Arxiv üzrə axtarış