Poltavada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert keçirilmişdir.
Poltava Regional Filarmoniyasında Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı və Poltava Dövlət Vilayət Administrasiyasının dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Sabir Rzayev və birinci katibi Namiq Niftullayev, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, vilayət və şəhər rəhbərliklərinin rəsmiləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Seymur Mərdəliyev çıxışında vurğulamışdır ki, uzun illərdir ki, Ukrayna və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı surətdə dəstəkləyib, iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin mühüm bir hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin müstəqilliyinin bərpasında və dövlət quruculuğunda xidmətlərinin əhəmiyyətindən danışmışdır. Konsertdə çıxış edən vilayət və şəhər rəhbərlikləri Azərbaycan və Ukrayna arasında möhkəm dostluq münasibətlərini, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirmişdirlər. Öz ərazi bötüvlüyü və suverenliyini bərpa etməsi münasibətilə Azərbaycan dövləti və xalqına təbriklər səsləndirilmişdir.
Qonaqlar üçün Azərbaycan incəsənət ustaları, Poltava Vilayət Filarmoniyasının kollektivləri, uşaq xoru çıxış etmişlər.