2023-11-06

Kiyevdə Şuşa şəhəri Günü və Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında roluna həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuşa şəhəri Günü və Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirin təşkilatçısı qismində Ukrayna-Türk Mərkəzi çıxış edib.

Tədbirdə çıxış edən Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Naqornyak Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin əhəmiyyətindən və ərazilərin işğaldan azad olunmasından danışıb. O qeyd edib: “Azərbaycanın suverenliyinin tam bərpası Qarabağ münaqişəsində həmişə Azərbaycan xalqının yanında olan Ukrayna üçün mühüm hadisədir. Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və düşünürəm ki, 44 günlük müharibədə qazanılan Qələbə ədalətin zəfər çalmasının çox mühüm örnəyidir. İşğaldan azad olunmuş ərazilərdə həyat canlanır, azərbaycanlılar öz yurdlarına qayıdır, o cümlədən mədəni, ədəbi proseslər bərpa edilir. Əlbəttə, bunun Ukrayna-Azərbaycan dialoquna da təsiri var. Ukraynanın Şuşa şəhəri ilə əlaqələri, görkəmli şuşalıların Ukrayna dövlətinin - Ukrayna Xalq Respublikasının ictimai həyatında rolu barədə informasiyaları fəal yaymaq lazımdır. Mədəni yaddaş ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirir və yeni dialoq imkanlarını genişləndirir”.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyətindən, bu şəhərin qədim tarixindən, həmçinin onun şöhrətinin mənbəyi olan mədəniyyətindən ətraflı bəhs edib. Diplomatımız deyib: “Şuşa ilə bağlı bugünkü tədbirimiz müasir Azərbaycan tarixində mühüm hadisə - noyabrın 8-də bayram edəcəyimiz Azərbaycanın Zəfər Günü ərəfəsində keçirilir. Məhz 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Silahlı Qüvvələri Şuşa şəhərini təxminən 30 illik erməni işğalından azad edib. Şuşanın azad olunması Ermənistanın kapitulyasiyasında həlledici rol oynayıb. Sual verə bilərsiniz ki, Şuşanın Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olması və Azərbaycan xalqı üçün bu qədər əziz olmasının səbəbi nədir? Şuşa tarixən və ənənəvi olaraq daim Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinin beşiyi olub. Şuşa hər bir azərbaycanlı üçün mənəvi ilham mənbəyidir. Təsadüfi deyil ki, azad edilməsindən az bir müddət sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Həmçinin Azərbaycan Prezidenti bu şəhərin 270 illiyini qeyd etdiyimiz 2022-ci ili “Şuşa İli” elan edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Şuşanı 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edib. Bu faktlar Şuşanın təkcə Azərbaycan tarixi və mədəniyyəti deyil, həm də bütün Türk sivilizasiyası üçün əhəmiyyətini göstərir”.

Azərbaycan tarixini tədqiq edən tanınmış ukraynalı tarixçi, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin yeni və ən yeni tarix kafedrasının dosenti Oleq Kupçik ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynamış görkəmli şuşalılar – Azərbaycan Xalq Cümhuriyyətinin Ukrayna Dövlətində birinci səfiri Yusif Vəzir Çəmənzəminli və Cümhuriyyətin Ukraynada ilk diplomatik nümayəndəsi Cəlil Sadıxov haqqında danışıb. Onun sözlərinə görə, Ukraynada ötən əsrin əvvəlində Qarabağ və Şuşa haqqında məlumatlar var idi, çünki həmin dövrdə yüzlərlə azərbaycanlı tələbə Kiyev, Xarkov, Odessa və başqa şəhərlərdə təhsil alırdı.

Tədbirin bədii hissəsində tanınmış virtuoz musiqiçi, Taras Şevçenko adına Ukrayna milli mükafatı laureatı, “Xoreya Kozatska” qrupunun iştirakçısı Maksım Berejnyuk Azərbaycanın balaban musiqi alətində “Sən gəlməz oldun” melodiyasını, ney musiqi alətində “Qaladan qalaya” mahnısının musiqisini, Ukrayna musiqi aləti sopilkada “Üçtelli durna” mahnısının musiqisini ifa edib. Bandura ifaçısı Marına Vişnevskaya isə Ukrayna xalq musiqi aləti bandurada “Sarı gəlin” mahnısının musiqisini və Fikrət Əmirovun “Noktürn” əsərini ifa edib.

Tədbirin moderatoru, Ukrayna-Türk layihələrinin kuratoru Marına Qonçaruk Şuşa şəhərinin mədəniyyətin və incəsənətin inkişafında rolu, həmçinin görkəmli şuşalıların Azərbaycanda ictimai-siyasi sektorda və diplomatiya sahəsində tərəqqiyə verdiyi töhfələr haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçılarına Qarabağ xanlığının vəziri, görkəmli şair Molla Pənah Vaqifin Azərbaycanın tarixi və mədəniyyətində rolu barədə söhbət açılıb. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Anna Vityaz və gənc fəal Roman Popov Molla Pənah Vaqifin Ukrayna dilinə tərcümə edilmiş, Azərbaycan gənclərinin təmsilçisi Emil Musayev isə Azərbaycan dilində orijinal variantda şeirlərini təqdim ediblər.

Sonra tədbir iştirakçılarına Şuşada keçirilən və Ukrayna nümayəndələrinin də iştirak etdikləri “Xarıbülbül” festivalı haqqında videoçarx göstərilib.

Kiyevdəki Səməd Vurğun adına kitabxananın müdiri Larisa Komarova yekun sözü ilə çıxış edərək rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin Ukrayna-Azərbaycan dialoqunda rolundan danışıb və yeni tədbirlərin keçirilməsi üzrə gələcək əməkdaşlığa dəvət edib. Qonaqlar üçün, həmçinin Şuşa haqqında ədəbiyyat sərgisi də təşkil olunub.

Tədbirdə Qırğızıstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri İdris Kadırkulov, Qazaxıstanın Ukraynadakı müvəqqəti işlər vəkili Aslan Alibekov, diplomatlar, alimlər, şairlər, Kiyev universitetlərinin tələbələri iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış