2024-05-29

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul keçirilib

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 106 il əvvəl, 1918-ci ilin mayın 28-də “İstiqlal” Bəyannaməsinin qəbulundan sonra bütün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb.

“Ciddi daxili və xarici çağırışlara baxmayaraq, AXC effektiv dövlət institutları yaratmağa, vətəndaşlarının hüquqlarını qorumağa və beynəlxalq ictimaiyyətin etimadını qazanmağa nail olub. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu 1920-ci ilin aprelində bolşevik istilası ilə sona çatsa da, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycanın üçrəngli bayrağı, dövlət himni və gerbi Xalq Cümhuriyyətinin irsini əks etdirir. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin istək və ideallarını reallığa çevirir. Azərbaycan uzun tarixinin ən möhtəşəm və uğurlu dövrünü yaşayır və heç vaxt indiki qədər güclü olmayıb”, - deyə səfir qeyd edib.

Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Ukraynada müharibənin ilk günlərindən bu ölkəyə humanitar yardım göstərir və bu yardımı davam etdirməyə hazırdır.

Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynis diqqətə çatdırıb ki, Azərbaycan və Ukrayna ikitərəfli müqavilələr bağlayır və iki xalqın maraqlarını təmin etmək üçün birlikdə çalışır: “Təkcə ərazi bütövlüyü və suverenliyin təşviqi zəngin tərəfdaşlığımızın təməl daşı deyil. Azərbaycan Ukraynada müharibənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi əsasında mümkün olan ən yaxşı şəkildə tənzimlənməsinə dəstək verir. Azərbaycan və Ukrayna beynəlxalq hüquqda eyni və ya oxşar mövqeləri bölüşür, regional, qlobal məsələlərdə yaxşı ünsiyyəti təşviq edir”.

Qəbul zamanı iştirakçılara Azərbaycanın əldə etdiyi son uğurlara dair videoçarx təqdim olunub.

Arxiv üzrə axtarış